Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar gündür. QAZİLER.AZ-ın məlumatına görə, təcrübəli mütəxəssisin 49 yaşı tamam olur.
Futbolçu kimi Diniyev Rusiya və İsraildə legioner həyatı yaşayıb. Məşqçilik fəaliyyətinə başladıqdan sonra isə o, “Terek”lə yanaşı, Azərbaycan millisini, “Qarabağ”, “Kəpəz” və “Rəvan”ı çalışdırıb. Diniyev hazırda da Gənc klubunun baş məşqçisidir.Şahin Xudakərim oğlu Diniyev 1966-cı ilin 12 iyulunda Beyləqan rayonunda anadan olub. Futbolçu karyerasına 1984-cü ildə “Avtomobilist”də (Mingəçevir) başlayıb. Daha sonra “Gənclik” (Bakı), “Neftçi”, “Kəpəz” (Kirovabad/Gəncə), “Nistru” (Kişinyov), “Fakel-Voronej”, “Dinamo” (Gəncə), “Terek” (Qroznı), “Hapoel” (Taybe), “Beytar” (Tel-Əviv), “Fərid” (Bakı) və “Dinamo”da (Bakı) forma geyib.
1992-1996-cı illər aralığında Azərbaycan yığmasında 16 görüşdə meydana çıxıb.
Məşqçilik karyerasına 2001-ci ildə “Terek”də başlayıb. Daha sonra “Qarabağ” (2003-2004), “Kəpəz” (2004-2005), Azərbaycan millisi (2005-2007), “Terek” (məşqçi, 2009-2013) və “Rəvan”da (2013-2014) fəaliyyət göstərib. Ötən mövsümdən “Kəpəz”in baş məşqçisidir. Ötən həftə Gəncə klubu tarixində ilk dəfə məhz Diniyevin rəhbərliyi altında avrokuboklarda mərhələ adlayıb.
QAZİLER.AZ saytı Şahin Diniyev ad günü münasibəti ilə təbrik edir. Təcrübəli mütəxəssisə uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.