Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar.55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da, sonuncu xalı qazanan N.Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısını da məğlub edib və gənclərin Avropa çempionatında ikinci dəfə qızıl medal qazanıb.
66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da, xalların keyfiyyətinə görə rəqib üstün olub. S.Süleymanov bürünc medal uğrunda görüşdə Moldovadan olan rəqibini tam üstünlüklə məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizTürkiyə təmsilçisini də məğlub edərək Avropa çempionatının qızıl medalına sahib olub. Bununla da İslam Abbasov gənclərin Avropa çempionatında üçüncü qızıl medalını qazanıb.
55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (Gürcüstan) 5:0 (tuşe)
1/4 final - Nofəl Babayev - Ekrem Süleyman Öztürk (Türkiyə) 7:6
1/2 final - Teodor Horatau (Rumıniya) - Nofəl Babayev 6:6*
FİNAL - Jora Abovian (Ukrayna) - Nofəl Babayev 2:4
66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (Serbiya) 6:2
1/8 final - Sənan Süleymanov - Malxas Amoyan (Ermənistan) 9:6
1/4 final - Leos Drmola (Slovakiya) - Sənan Süleymanov 2:10
1/2 final - Pərviz Nəsibov (Ukrayna) - Sənan Süleymanov 7*:7
Bürünc medal görüşü - Valeriu Toderean (Moldova) - Sənan Süleymanov 0:10
84 kq
1/8 final - Efstratios Nikitas (Yunanıstan) - İslam Abbasov 0:9
1/4 final - Arian Gueney (Almaniya) - İslam Abbasov 0:8 (84 san.)
1/2 final - İslam Abbasov - İvan Huklek (Xorvatiya) 11:2
FİNAL - İslam Abbasov - Ali Cengiz (Türkiyə) 6:1
120 kq
1/4 final - Adəm Cəlilov - Nikolay İzmaylov (Rusiya) 3:8
Təsəlliverici görüş - Artur Vititin (Estoniya) - Adəm Cəlilov 3:0
Xatırladaq ki, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl, Azər Nəsibli (50 kq) isə gümüş medal qazanıb.