Bakıda təşkil olunan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində Azərbaycan boksçuları növbəti döyüşlərini keçiriblər. "Report"un məlumatına görə, 49 kq. çəki dərəcəsində yer alan Rüfət Hüseynov yarımfinala yüksəlib.
Hüseynov 1/4 finalda mərakeşli Zuhir əl-Bakkaliyə heç bir şans verməyib - 3:0. O, növbəti görüşündə meksikalı Xoselito Velaskes Altamiranonu da yenə bilsə, finala yüksəlməklə yanaşı, olimpiya lisenziyasına sahib olacaq.75 kq. çəkidəki Kamran Şahsuvarlı venesuelalı Xose Qonsales Mendesə 1/8 final döyüşündə qalib gəlib - 3:0. O, 1/4 finalda irlandiyalı Maykl O Rilli ilə üz-üzə gələcək.
81 kq. çəkidə çıxış edən Teymur Məmmədov da 1/8 final qarşılaşmasından qalib ayrılıb. O, gürcü Yaqo Kiziriyanı yenib - 2:1. 1/4 finalda rəqib mərakeşli Hassan Saada olacaq. Həm Şahsuvarlı, həm də Məmmədov növbəti görüşdə də qalib gəlsələr və hətta uduzsalar belə, rəqiblərinin turnirin qalibi olacağı halda, lisenziya qazanacaqlar.
1/4 final görüşləri iyunun 23-də, yarımfinal qarşılaşmaları isə iyunun 24-də olacaq.
Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq. çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.