Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 4 oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, C və D qrupunun taleyinin həll olunacağı qarşılaşmalardan ikisi 20:00-da, digər ikisi isə 23:00-da start götürəcək.
İlk olaraq Ukrayna Polşa ilə, Almaniya isə Şimali İrlandiya ilə qarşılaşacaq. Son tura girərkən qrupdakı üç komandanın 1/8 final şansının davam etməsi oyunların vacibliyini artıran məqamlardandır. Eyni xala malik Polşa və Almaniya milliləri qələbə qazanacaqları təqdirdə top fərqinə müvafiq olaraq ilk iki yerin sahibi kimi növbəti mərhələyə çıxacaqlar. Əgər Polşa Ukraynaya məğlub olsa, bu halda polyaklar Almaniyanın qələbəsini arzulayacaqlar. Şimali İrlandiya qarşısında “bundestim”i bərabərlik də qane edəcək, ancaq bu halda qrup liderliyinin itirilməsi ehtimalı da var.
Günün ikinci oyunları isə D qrupunda baş tutacaq. Burada vəziyyət nisbətən daha aydındır. İspaniya millisi ilk iki oyununda qələbə qazandığından növbəti mərhələyə çıxmağı təmin edib. İkincilik uğrunda isə Xorvatiya və Çexiya mübarizə aparır. Şahmatçılar İspaniyaya yenilsə və Çexiya Türkiyəyə qalib gəlsə, bu halda çexlər ikinci yerin sahibi kimi 1/8 finala adlaya bilər. “Şahmatçılar”a ikincilik üçün heç-heçə də kifayət edəcək.
Şübhəsiz ki, azərbaycanlı azarkeşlər üçün qrupun ən maraqlı matçı Çexiya – Türkiyə qarşılaşması olacaq. Fatih Terimin yetirmələri cüzi şanslarını davam etdirmək üçün mütləq ən az 2 top fərqi ilə qalib gələrək qrupda 3-cü yeri tutmalıdırlar. “Ay-ulduzlular” öz üzərilərinə düşən vəzifəsini yerinə yetirdikdən sonra digər matçların nəticələrini gözləyəcək.