“Qəbələ“ “Qalatasaray“la qarşılaşacaq

“Qəbələ“ “Qalatasaray“la qarşılaşacaq backend

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının iştirak edəcəyi “VI Manavqat” turnirində qrupların tərkibi və oyunların təqvimi müəyyənləşib.

Trend klubun saytına istinadən məlumat verir ki, Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq turnirdə 22 komanda mübarizə aparacaq. Martın 30-da start götürüb aprelin 3-dək davam edəcək yarışda qonşu ölkənin “Qalatasaray”, “Beşiktaş” “Bursaspor”, İngiltərənin “Çelsi” kimi tanınmış klubları iştirak edəcək. Püşkə əsasən komandalar 4 qrupa bölünüb. “Qəbələ” 6 komandanın yer aldığı D qrupunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yerli “Qalatasaray”, “Seyrantepespor” və “Özerspor”, həmçinin Almaniyanın “Berlin Türkiyemspor”, Danimarkanın “Nordsyelland” klubları ilə mübarizə aparacaq.

“Qəbələ” martın 30-da ilk matçını almaniyalılara qarşı keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. 13:30-da “Qalatasaray”la üz-üzə gələcək futbolçularımız qrupdakı növbəti 2 oyununa ertəsi gün çıxacaq. Saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor”u sınağa çəkəcək “Qəbələ” aprelin 1-də baş tutacaq son turda danimarkalılarla üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.

Hər qrupun iki ən yaxşısı 1-8-ci, 3-4-cü yer sahibləri 9-16-cı, 5-ci yeri tutanlar isə 17-20-ci yerlər uğrunda mübarizə aparacaq. Aprelin 2-də ilk iki “səkkizlik”də mübarizə aparanlar 2, “dördlük”dəkilər isə 1 matçda qüvvəsini sınayacaq. Turnirin son günündə həlledici qarşılaşmalar baş tutacaq.
Diaspora