Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.
Çempionatın ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Turnirdə 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mircəlal Həsənzadə ilk görüşdə Almaniyalı rəqibini mübarizədən kənarlaşdırıb. Ardınca erməni əsilli Ukrayna təmsilçisi üzərində böyük hesablı qələbə qazanıb. Yarımfinalda güləşçimiz Rusiyalı rəqibi ilə gərgin keçən görüşdə uduzsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Ancaq son görüşdə Gürcüstan təmsilçisi üstün tərəf olub. Mircəlal Həsənzadə U-23 Avropa çempionatını 5-ci sırada tamamlayıb.65 kq-da mübarizə aparan Məhəmməd Müslümov ardıcıl olaraq Rumıniya və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə İtaliyalı rəqibinə minimal hesabla uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Moldova güləşçisini üstələyən Məhəmməd Müslümov çempionatın bürünc medalını qazanıb.
Çempionatın ilk günündə uğurlu çıxışı ilə yadda qalan güləşçimiz 97 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev olub. O, finala qədər maneəsiz irəliləyib və ardıcıl olaraq Macarıstan, Rusiya və Almaniyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda keçirilən son görüşdə təmsilçimiz Gürcüstan idmançısına məğlub olub və gümüş medalla kifayətlənib.
Beləliklə, güləşçilərimiz ilk yarış günündə 1 gümüş və 1 bürünc medal qazanıb.
57 kq
1/8 final - Nico Zarcone (GER) - Mircəlal Həsənzadə 2:12
1/4 final - Mircəlal Həsənzadə - Armen Arakelyan (UKR) 12:0
1/2 final - Mircəlal Həsənzadə - İsmail Muskaev (RUS) 5:7
Bürünc medal görüşü - Beka Budziaşvili (GEO) - Mircəlal Həsənzadə 13:1
65 kq
1/8 final - Katona Zsolt (ROU) - Məhəmməd Müslümov 1:12
1/4 final - Məhəmməd Müslümov - Boyço Boyçev (BUL) 11:1
1/2 final - Məhəmməd Müslümov - Marquez Frank Çamizo (ITA) 11:12
Bürünc medal görüşü - Maksim Perpelia (MDA) - Məhəmməd Müslümov 4:7
74 kq
1/16 final - Məhəmmədhacı Muxutov - Sergey Odinak (UKR) 2:6
97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Kristoff Vittman (HUN) 12:0
1/4 final - Nurməhəmməd Hacıyev - Zaynulla Kurbanov (RUS) 4:0
1/2 final - Nurməhəmməd Hacıyev - Gennadiy Cudinoviç (GER) 14:3
FİNAL - Omar Qusoşvili (GEO) - Nurməhəmməd Hacıyev 9:4