Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulacaq. Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran “Qarabağ” “Neftçi” ilə oynayacaq. Ötən il olduğu kimi bu mövsümü də qızıl dublla başa vurmaq istəyən ağdamlılar bunu bacarsalar, həm də ilkə imza atmış olacaqlar. Belə ki, Azərbaycan birinciliyində hələ heç bir komanda ardıcıl iki dəfə bu uğuru qazana bilməyib.
Ümumilikdə isə əgər bu, gerçəkləşsə, “Qarabağ” tarixində üçüncü dəfə qızıl dubl etmiş olacaq.“Neftçi” isə ardıcıl 5-ci dəfə çıxış edəcəyi həlledici matçı qələbə ilə başa vurmaq və mövsümü titulla yekunlaşdırmaq istəyir. Bu, həm də bərbad mövsüm keçirən “ağ-qaralar”ın azarkeşləri qarşısında bəraət şansı ola bilər.
Əgər paytaxt klubu bunu bacarıb özününü 7-ci ölkə kubokunu qazana bilsə, Vəli Qasımov da məşqçi karyerasının ilk mükafatını qazanmış olacaq. Əks halda isə Qurban Qurbanov 3-cü dəfə sevinəcək.
Azərbaycan kuboku
Final
25 may (çərşənbə)
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu