BP şirkəti Azərbaycanın Bakı 2015 Avropa Oyunlarına və ondan sonrakı yarışlara hazırlaşan milli idmançıları üçün nəzərdə tutulmuş elit idmançıların inkişafı və təlimi proqramına dəstək olacağını məmnuniyyətlə elan edir.
BP-dən Trend-ə verilən məlumata görə, bu proqram Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin dördqat Olimpiya çempionu və 400 m məsafəyə qaçış üzrə dünya rekordunun sahibi, dünya şöhrətli idmançı Maykl Consonun rəhbərlik etdiyi, idmançıların təlimi üzrə beynəlxalq nüfuzlu şirkət olan “Michael Johnson Performance” (MJP) şirkəti ilə birgə həyata keçirilir.
Bu altı aylıq proqrama 2015-ci ilin yanvar ayında start verilib. Onun məqsədi milli idmançılardan və məşqçilərdən ibarət böyük bir qrupa MJP şirkətinin beynəlxalq təcrübəsindən faydalanmaq imkanı yaratmaq və beləliklə onların idmanda yüksək nailiyyətlər qazanmaqla beynəlxalq idman tədbirlərində Azərbaycanın iştirakını artırmaq istiqamətində gördüyü səylərə dəstək olmaqdır. Bunun milli idmançıların və məşqçilərin Bakı 2015 Avropa Oyunlarına və 2016-cı ilin Olimpiya Oyunları da daxil olmaqla digər yarışlara yüksək səviyyədə hazırlaşmasını təmin edəcəyi gözlənilir.
Proqramda məşqçilər və idmançılarla, o cümlədən, BP-nin xüsusi nümayəndəsi seçilmiş idmançılarla təmsil olunacaq milli idman federasiyalarının (yüngül atletika, gimnastika, triatlon və qılıncoynatma) iştirakı nəzərdə tutulub. Bu vaxtadək 30 idmançı və 20 məşqçi yoxlamadan keçərək proqrama seçilmişdir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “BP şirkəti Azərbaycanın seçilmiş idmançılarının və məşqçilərinin qarşıdan gələn mühüm idman tədbirinə hazırlığına dəstək olmaq istiqamətində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “Michael Johnson Performance” şirkəti ilə əməkdaşlıq etməkdən məmnunluq duyur. Ümid edirik ki, bu təşəbbüslər Azərbaycana yalnız böyük layihələri səmərəli şəkildə həyata keçirərək mötəbər tədbirlərə ev sahibliyi etməkdə deyil, həm də bu proqramın təklif etdiyi beynəlxalq təcrübədən istifadə etməklə idmanda yüksək nailiyyətlər nümayiş etdirməkdə köməklik edəcək.
Mən xüsusən də məmnunluq duyuram ki, Bakı Oyunlarına BP-nin dəstəyi Azərbaycanda potensialların artırılması və idmançıların inkişaf etdirilməsi səylərinə yardım etməyə yönəlib. Bir neçə ay əvvəl biz Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ilə birlikdə Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramına start verdik. Bu proqram təxminən 200 məzunun layihə idarəetmə sahəsində təcrübə qazanmasına və yeni bacarıqlara yiyələnməsinə köməklik etmək məqsədi daşıyan innovativ təlim təşəbbüsüdür. Biz inanırıq ki, bunlar ölkəyə idman sahəsində çox yüksək nailiyyətlər qazanmağa, habelə bacarıqlar üzrə davamlı irsin yaradılmasına köməklik edəcək.
Azərbaycan Respublikasının idman və gənclər naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “İlk Avropa Oyunlarının Rəsmi Tərəfdaşı olmaqla yanaşı, BP şirkətinin həm də Azərbaycanda nüfuzlu idmançıların və məşqçilərin inkişafına və təliminə köməklik etdiyini görmək çox gözəldir. Mən əminəm ki, bu, idmançılarımızın Bakı 2015 oyunlarına hazırlaşmasına daha da köməklik edəcək və onların yarışdıqları idman növlərində öz adlarını ilk Avropa Oyunlarının çempionu kimi tarixə düşməsi üçün göstərdiyi səylərə dəstək olacaq”.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə dedi: “Biz 2012-ci ildən etibarən BP şirkəti ilə tərəfdaşlıq edirik və bu tərəfdaşlıq milli olimpiya komandasının elit idmançılarına sponsorluq, idman jurnalistikası, Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarını üçün könüllülərin hazırlanması tədbiri də daxil olmaqla bir çox layihələri əhatə edib. Elit idmançıların inkişafı və təlimi proqramı Azərbaycanda ilk dəfə olaraq bu növdə həyata keçirilən yeni və unikal bir təşəbbüsdür. Buna görə də, bu tərəfdaşlığı mən yüksək qiymətləndirirəm və onun uğurlu nəticələr verəcəyinə ümidvaram”.
“Michael Johnson Performance” şirkətinin təsisçisi və prezidenti cənab Maykl Conson dedi: “ ‘Michael Johnson Performance’ şirkəti qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlaşan idmançılara və məşqçilərə və sonrakı müddətdə keçiriləcək 2016-cı il Rio Olimpiya Oyunlarına hazırlaşan idmançılara köməklik etmək üçün BP şirkəti, Azərbaycan Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq etməkdən məmnunluq və şərəf duyur. Bizim məqsədimiz hər bir idmançının inkişaf edərək öz tam atletik potensialına çatmasına yardım etməkdir və beləliklə, yeni nəsil idmançıların atletik potensialının yetişdirilməsində Olimpiya Komitəsinə köməklik etməyimizdən xüsusilə məmnunluq duyuram. ‘Michael Johnson Performance’ dünyada atletik potensialın inkişaf etdirilməsi üzrə təlim sahəsində liderdir və bizim Azərbaycandakı fəaliyyətimiz dünyanın bütün regionlarında idmançılara və məşqçilərə atletik bacarıqların inkişaf etdirilməsini davam etdirmək və bu sahədə mükəmməlliyə nail olmaq məqsədinə xidmət edir”.