Bu gün Premyer Liqanın 34-cü turunun oyunları keçirilib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, "Kəpəz" Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edib. İlk qol meydan sahiblərindən gəlib - 4-cü dəqiqədə Julien Ebah fərqlənib.Paytaxt təmsilçisinin cavab qolunu 49-cu dəqiqədə Salas Quinta Antonio vurub. 80-ci dəqiqədə isə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2. Beləliklə, gəncəlilər doğma meydan amilindən yararlana bilməyiblər.
AZAL "Zirə" ilə qarşılaşıb. 68-ci dəqiqədə Nuqzar Kvirtiya "təyyarəçilər"i önə keçirsə də, 18 dəqiqə sonra Viktor İqbekoyi bərabərliyi təmin edib - 1:1.
"İnter" "Xəzər Lənkəran"ı sınağa çəkib. Paytaxt təmsilçisi ilk hissədə Rauf Əliyev və Yuri Fomenkonun qolları ilə qələbəni təmin edib. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər - 2:1.
Autsayder "Rəvan"ı qəbul edən "Sumqayıt" 3:1 hesabı ilə qalib gəlib.
Günün son oyunu - "Qarabağ" - "Qəbələ" matçı isə artıq çempionluğu təmin etmiş Ağdam təmsilçisinin 2:0 (Dani 16`, 32`) hesablı qələbəsi ilə başa çatıb.