Bu axşam UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşləri keçirilib.
Qaziler.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, gecənin mərkəzi qarşılaşması “Enfild” stadionunda “Liverpul”la “Borussiya” (Dortmund) arasında oynanılıb. İlk oyunda hərəyə bir qol vuraraq bərabərliyə razılaşan tərəflərdən bu dəfə sevinəni meydan sahibləri olub-4:3. Beləliklə, iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə qalib gələn “Liverpul” növbəti mərhələyə vəsiqə qazanıb.Portuqaliyanın “Braqa” komandası Ukraynada “Şaxtyor”la üz-üzə gəlib və böyük hesablı məğlubiyyətə (0:4) üzülüb. İki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə üstün olan ukraynalılar yarımfinala yüksəliblər.
İspaniya təmsilçisi “Vilyareal” Çexiyada “Sparta”nın qonağı olub. İlk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn ispanlar səfərdə də ənənəni pozmayıblar. Bu dəfə çexləri 4:2 hesabı ilə məğlub edən “Vilyareal” adını yarımfinala yazdırıb.
İspan duelində “Sevilya” klubu Bilbaonun “Atletik” komandasını qəbul edib. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Sevilya” bu dəfə evdə həmin hesabla uduzub. İki görüşün nəticəsinə görə hesab bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün on bir metrlik zərbələr təyin edilib. Zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” klubu yarımfinala yüksələn dördüncü komanda olub.