Bu gün Azərbaycan Alpinizm Federasiyasının hesabat seçki konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycan dövlətinin idmanın inkişafına hər cür şəraiti yaratdığını bildirib.Onun sözlərinə görə, ölkəmizdə keçirilən böyük idman yarışları, beynəlxalq idman tədbirləri buna əyani sübutdur. Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının rəhbərliyi altında son illərdə dağçılıq və ekstremal idman növlərinin gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd edən nazir müavini konfransda Alpinizm Federasiyasının seçiləcək yeni tərkibinə bundan sonrakı işlərində uğurlar arzulayıb və lazımı dəstək göstərəcəklərini bildirib.
Digər çıxışçılar da öz növbəsində Alpinizm Federasiyasının müəyyən dövr üçün tənəzzül mərhələsinin artıq geridə qalacağına ümid etdiklərini bildiriblər. Yekdil səsvermə yolu ilə Federasiyanın yeni İdarə Heyətinin tərkibi, eyni zamanda dağçılıq sahəsində geniş təcrübəyə malik, Beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulov quruma prezident seçilib. Sonda bir daha Gənclər və İdman Nazirliyinin məsul şəxsləri və digər rəsmilər seçkinin nəticələrini təqdir edərək Alpinizm Federasiyasının yeni rəhbərliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.