Fransada keçiriləcək Avropa çempionatından sonra İsveç millisinin baş məşqçi vəzifəsindən gedəcək Erik Hamrenin əvəzləyicisi müəyyənləşib. Qol.az-ın İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Yanne Anderson çalışdıracaq.
Hazırda İsveç superliqasında çıxış edən "Norköpinq" klubunu çalışdıran Anderson yığmanın baş məşqçi vəzifəsinə layiq görüldüyü üçün çox xoşbəxt olduğunu, gənc və istedadlı futbolçuları milli komandaya cəlb etmək istədiyini bildirib. O, yığmadakı işinə iyul ayında başlayacaq.
Qeyd edək ki, məşqçilik karyerasına 1988-ci ildə başlayan 53 yaşlı mütəxəssisin ilk komandası ölkəsinin "Alets" klubu olub.