Bu gün martın 5-də Bakıdakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci yarış günü start götürüb.
Bu gün kişilər və qadınıar arasında fərdi və sinxron çıxışlarda finallar keçiriləcək.Azərbaycandan kişilər arasında Ruslan Ağamirov və Dmitri Fedorovski dueti sinxron tullanmada medallar uğrunda mübarizə aparacaq. Finalda qadınlar arasında sinxron çıxışlarda Azərbaycanı Svetlana Makştarova və Səbinə Zaytseva təmsil edəcəklər. S. Makştarova, həmçinin fərdi çıxışlarda medal qazanmağa çalışacaq.
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.
Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.
Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.
Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.