“Barselona” İspaniya çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib.
Qaziler.az bildirir ki, Apasport.az saytının məlumatına görə, Luis Enrikenin yetirmələri Primeranın növbəti oyununda “Rayo Vallekano”nu 5:1 hesabı ilə məğlub edib.Bununla, kataloniyalıların yenilgisiz matçlar seriyası 35-ə çatıb. Barselonanın eyniadlı təmsilçisi 1929-cu ildən keçirilən ölkə çempionatlarının 87 illik tarixində mütləq rekorda imza atıb.
Ötən tur “Real”ın 27 il əvvəlki rekordunu təkrarlayan Enrikenin komandası artıq “Kral klubu”nu arxada qoyub. Paytaxt təmsilçisi 1989-cu ildə Leo Beenhakkerin rəhbərliyi altında 34 tur uduzmamışdı.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdu. 28 matç uduzmayan Gəncə klubu ilə fərqi 7-yə çatdıran “Barselona” dünya rekordundan hələ çox uzaqdı. Fil Dişi Sahilində ardıcıl 108 qarşılaşmada uduzmayan ASEK (Əbican) klubunun 1989-94-cü illərdəki rekordu əlçatmaz görünür. Avropa rekordu isə 104 oyun uduzmayan “Styaua”ya məxsusdu. Buxarestlilər 1986-89-cu illərdə Rumıniyada yenilməz olub.