Sao Paolo şəhərində Federal məhkəmə Braziliya millisi və Barselona komandasının hücumçu oyunçusu Neymarın 50 milyon dollara yaxın dəyərində aktivlərinin dondurulması barədə qərar verib.
Qaziler.az BBC-yə istinadən bildirir ki, həmin aktivlərə yaxta, təyyarə və bir neçə mülk daxildir.23 yaşlı Neymar 2011-2013-cü illərdə vergidən yayınmaqda ittiham olunub. Futbolçu qanunları pozması barədə ittihamları rədd edib.
Dondurulan aktivlər arasında onun ailəsinə məxsus 3 şirkətin də adı var.
Prokurorlar Neymarı şirkətləri daha aşağı faizlə vergi ödəmək məqsədilə yaratmaqda ittiham ediblər.
Onlar, iddia edildiyi kimi ödənməmiş vergiyə görə, futbolçudan 16 milyon dollar məbləğində vergi ödənişi tələb ediblər.
Məhkəmə vergi ödənişini və əlavə mümkün xərcləri təmin etmək məqsədilə Neymarın aktivlərini dondurmaq qərarına gəlib.
Federal Vergi Agentliyinin auditoru Associated Press agentliyinə bildirirb ki, Neymarın məhkəmə qərarından apellyasiya vermək imkanı var, futbolçunun həbs olunması isə ehtimal olunmur.
“O, borcunu ödəsə, məsələyə xitam veriləcək”, auditor əlavə edib.
Korrupsiya və Barcelona futbol klubuna keçid məsələlərilə bağlı Neymar və ayrıca olaraq, onun atası bu ay Madriddə keçirilən məhkəmədə sorğu-sual olunublar.
Neymar həmin məsələlərdə də pozuntuya yol verməsi barədə iddiaları inkar edir.