Fevralın 16-da futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayır.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, ilk oyun günündə bir görüş keçirilir.Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Moskvanın "Lokomotiv" komandasını qəbul edir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan oyunları fevralın 18-də keçiriləcək.
TASS-ın “Lokomotiv” klubunun mətbuat xidmətinə istinadla verdiyi məlumatına görə, rusiyalı azarkeşləri stadiona aparacaq avtobusları polis müşaiyət edəcək.
“Fənərbaxça” azarkeşlərini oyun vaxtı meydanda siyasi şüarlar səsləndirməməyə çağırıb.
Ötən ilin noyabrında Avropa liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Beşiktaş”-“Lokomotiv” görüşündə polis qonaq komandanın azarkeşlərini müşaiyət etməkdən imtina eləmişdi.
Amma bu dəfə avtobuslar stadiona polis müşaiyətilə gedəcək, bundan başqa avtobuslarda klubun təhlükəsizlik xidmətinin əməkdaşları olacaq.
Məlumata görə azarkeşləri aparan avtobus “Marriott Asia” otelindən yerli vaxtla 16:30-da çıxacaq və onların sayı 100-dən çox deyil.