Xankəndi şəhərində keçirilən ilk çempionat matçı yalnız idman hadisəsi deyil, həm də böyük mənəvi məna daşıyan anlarla yadda qalıb.
Qarşılaşmadan əvvəl topa ilk simvolik zərbəni Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu İbrahim Məmmədli vurub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, meydanın mərkəzində topa zərbə endirən İbrahim üçün bu anın sevinci sözlə ifadə olunmayacaq qədər böyük olub.
Ona belə bir fürsət yaradıldığı üçün təşəkkür edən İbrahim futbolu çox sevdiyini deyib.
O, bundan sonra Xankəndidə təşkil olunacaq bütün futbol qarşılaşmalarını izləmək niyyətindədir. Atasının Vətən uğrunda canından keçdiyi torpaqlarda bu gün oğlunun futbol meydanında yaşadığı sevinc isə xüsusi duyğular doğurub.
Şəhid övladının topa vurduğu ilk zərbə, azad torpaqlarda böyüyən yeni nəslin sevincinin rəmzinə çevrilib. Bu gün Xankəndidə futbol yenidən həyatın bir parçasına çevrilir.
Bu, meydanda vurulan hər zərbə həm də şəhidlərimizin bizə əmanət etdiyi gələcəyə doğru atılan bir addımdır.

