Noyabrın 19-da Xankəndi şəhəri futbol tarixinin əlamətdar hadisələrindən birinə şahidlik edib.
Xankəndi şəhər stadionunda “Xankəndi” futbol klubu ilk dəfə olaraq Yevlaxın “Karvan” komandasını qəbul edib.
Tarixi qarşılaşma həm futbolçular, həm də azarkeşlər üçün unudulmaz anlarla yadda qalıb.
Uzun fasilədən sonra Xankəndidə futbol həyəcanının yaşanması, doğma meydanda keçirilən oyunun izləyiciləri arasında böyük maraq doğurub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, görüşü Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli, eləcə də digər rəsmi şəxslər və qonaqlar tribunadan izləyiblər.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Karvan” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.Nəticədən asılı olmayaraq, bu görüş, Xankəndidə idman həyatının canlanması, futbol ənənələrinin bərpası və şəhərin yeni həyatının mühüm hadisələrindən biri kimi tarixə düşüb.
Xankəndinin doğma meydanında futbol həyəcanının yenidən yaşanması Böyük Qayıdışın idman sahəsində də davam etdiyini nümayiş etdirib.

