Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti seçkilərində Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) namizədi olub.
Qaziler.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, bu gün keçirilən iclasda UEFA İcraiyyə Komitəsində təmsil olunan milli assosiasiyalar Filipp Dialloya FİFA prezidenti seçkilərində namizədliyini irəli sürməyi təklif ediblər və yekdilliklə ona tam dəstək verdiklərini bildiriblər. FİFA rəhbərliyi ilə bağlı ciddi narahatlıqlar fonunda milli assosiasiyalar dünya futbol ictimaiyyətində birliyi və etimadı bərpa etməyə çağırıblar. Filipp Diallo namizədliyini irəli sürmək təklifini qəbul edib.
Qeyd edək ki, FİFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşdə keçiriləcək konqresdə baş tutacaq. 2016-cı ildən FİFA-ya rəhbərlik edən təşkilatın hazırkı başçısı Canni İnfantino da seçkilərdə iştirak edəcək.
Xatırladaq ki, İnfantino ətrafında qalmaqal 2026-cı il dünya çempionatı başa çatdıqdan qısa müddət sonra onun hüquqlarının bir hissəsini kənar investorlara satmaq planlarını açıqlamasından sonra yaranıb. Bu addım futbol ictimaiyyətində mənfi reaksiyaya və 2030-cu il dünya çempionatının boykot edilməsi təhdidlərinə səbəb olub.
QAZİLER.AZ

