"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Bütün dövrlərin Qızıl Topu" reytinqinin qalibi olub.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə məlumat mükafatın rəsmi saytında dərc edilib.
Azarkeşlər saytda indiyə qədər verilmiş ən yaxşı "Qızıl Top"u seçiblər və Ronaldo 2008-ci ildə "Barselona"dan Lionel Messi və "Liverpul"dan Fernando Torresi qabaqlayaraq aldığı mükafat birinci yerdə qərarlaşıb.
Bundan əvvəl təşkilatçılar açıqlamalarında bildirmişdilər ki, bu nominasiyada qalibin seçilməsində əsas meyar qazanılan "Qızıl Top"ların ümumi sayı deyil (ən çox Messidədir - 8), futbolçunun bu kuboku aldığı mövsümdəki fəaliyyətidir.
Ronaldo milli komandada vurduğu qolların və keçirdiyi oyunların sayına görə dünya rekordçusu olaraq qalır. Onun hesabında 233 rəsmi qarşılaşmada 146 qol var.
QAZİLER.AZ

