Portuqaliyalı futbolçu Kriştiano Ronaldo argentinalı ulduzun yığma komandadakı vida oyunundan sonra Lionel Messiyə müraciət ünvanlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ronaldo Messinin sosial şəbəkədəki paylaşımının şərh bölməsində yazıb.
"Leo, sən uzun illər boyu öz ölkəni qorudun, bu, əbədi olaraq qalacaq bir hekayədir. Argentina millisi ilə nail olduğun hər bir şeyə böyük hörmətlə yanaşıram. Səni qucaqlayıram", — deyə Ronaldo yazıb.
Oktyabrın 6-dan 7-nə keçən gecə Messi Argentina milli komandasının heyətində sonuncu matçına çıxıb.
Benin yığmasına qarşı keçirilən qarşılaşma 3:0 hesabı ilə başa çatıb. Oyunda qolları Nikolas Otamendi və Niko Pas vurublar. Messi isə matçın 71-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Hücumçu həmçinin iki qolun ötürməsini verib.
Avqustun 31-də Messi Argentina milli komandasındakı karyerasını rəsmən başa vurduğunu elan etmişdi. Hücumçunun sözlərinə görə, o, yığmadan "qəlbində böyük bir rahatlıqla və yalnız xəyal edilə biləcək anların verdiyi qürurla" ayrılır.
Amerikanın "İnter Mayami" klubuna keçməzdən əvvəl Messi Fransanın "Pari Sen-Jermen" və İspaniyanın "Barselona" komandalarında çıxış edib. O, "Barselona" ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.
QAZİLER.AZ

