Həm rəqibi yaxından tanımışıq, həm də öz oyunumuzu analiz etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə keçiriləcək cavab görüşü öncəsi deyib.
Mütəxəssis komandanın qarşılaşmaya demək olar ki, tam hazır olduğunu söyləyib: “Düzdür, uzun yol gəlmişik. Dünən demək olar ki, bütün günü yolda olduğumuz üçün müəyyən yorğunluq var idi. Amma buna baxmayaraq, inanıram ki, sabah futbolçular oyuna tam hazır olacaqlar və maksimum motivasiya ilə meydana çıxacaqlar. Hava şəraiti də çox əlverişlidir. Soyuq olsa da, əsl futbol havasıdır”.
O bildirib ki, bəzi futbolçularda müəyyən disbalans var: “Buna baxmayaraq, ümumilikdə komandamız oyuna hazırdır. İntizam və motivasiya baxımından da tam hazır olmağa çalışacağıq. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin sabaha qədər vaxtımız var. Son qərarımızı oyundan əvvəl verəcək və ən optimal heyəti meydana buraxacağıq”.
Qeyd edək ki, “Vestri” - “Qarabağ” görüşü iyulun 16-da, Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyunda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

