Sosial şəbəkələrdə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılması tələbi ilə kampaniya başlayıb.
Qaziler.az bu barədə “Reuters”ə istinadla yazır.
Nəşrin yazısında qeyd olunub ki, kampaniyanın təşkilatçıları Beynəlxalq Futbol Federasiyası (FIFA) və ya milli futbol federasiyaları ilə heç bir əlaqəsi olmayan "Argentina Out" adlı xüsusi sayt yaradıblar. Petisiyanı başladanlar iddia edirlər ki, dünya futbolunun rəhbərliyi Argentina millisinin kapitanı Lionel Messinin pərəstişkarlarıdır, buna görə də hakimlərin köməyi ilə Argentinanı finala "daşıyırlar".
"Qalib artıq müəyyən olunubsa, digərləri niyə ümumiyyətlə iştirak etməlidir?" - petisiyada qeyd olunub.
Yarımfinalda Argentina dörddəbir final mərhələsində Norveçi turnirdən kənarlaşdıran İngiltərə ilə qarşılaşacaq. Görüş iyulun 15-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, 1/8 və 1/4 final mərhələlərində Argentina müvafiq olaraq Misir və İsveçrəni məğlub edib. Hər iki milli komanda oyunlar başa çatdıqdan sonra Argentina yığmasının xeyrinə verilən hakim qərarlarından aktiv şəkildə şikayətləniblər. Misir Assosiasiyasının prezidenti Hani Abu Rida matçdakı insidentlərin — Misir millisinin ləğv edilmiş qolunun və Argentinanın üçüncü qolundan əvvəl təyin oluna biləcək penaltinin araşdırılmasını tələb edib. Bunun ardınca Beynəlxalq Futbol Federasiyasının (FIFA) Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Misir millisinin dünya çempionatının 1/8 finalında Argentinaya qarşı oyundakı hakimliklə bağlı ittihamlarının əsassız olduğunu bəyan edib.
QAZİLER.AZ



