Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları start götürüb. 3 gün davam edəcək yarışlarda Bakı və bölgələri təmsil edən təxminən 160 gimnast iştirak edəcək.
Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparacaq və alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülükdə ən güclü gimnastları müəyyən edəcəklər.Elə həmin yaş kateqoriyasına daxil olan bədii gimnastlar yarışların ikinci günü mübarizəyə qoşulacaqlar. Fərdi proqramda isə yarışlara 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaq. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.
Turnirin sonuncu günü 19 dekabr tarixində yeniyetmələr (2000-2002; ip, halqa, top, gürzlər) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyüklər; halqa, top, gürzlər, lent) arasında qaliblər müəyyən olunacaq.
Bu tarix “balacalar”, “yeniyetmələr”, “gənclər” və "böyüklər" yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdardır. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlar arası 2-ci Kubok uğrunda mübarizə aparacaqlar.
Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi Marina Durunda sevindirəcək.
Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa Çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər. İlin sonuncu yarışı parlaq Qala-konsertlə yadda qalacaq.