Ağdərə rayonunun Suqovuşan kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına start verilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, yarışların Ağdərə rayonunun Suqovuşan kəndində yerləşən Suqovuşan su anbarında təşkili münasibətilə açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Nazir çıxış edərək qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb.Bildirib ki, avarçəkənlər 1 nəfərlik kayak və kanoe qayıqları ilə 200 metr məsafədə qüvvələrini sınayırlar.Tədbir çərçivəsində Suqovuşan su anbarında su şousu da nümayiş etdirilib. Yerli sakinlərin böyük marağına səbəb olan şou, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdan əhalidə yüksək əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır.Yarışın növbəti mərhələləri Mingəçevir şəhərində keçiriləcək. Final olacaq, qaliblər müəyyənləşəcək. Reqataya mayın 1-də Mingəçevir şəhərində yekun vurulacaq.



