O, 72 min manatlıq dələduzluqda ittiham olunur Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Lent.az-ın “bizimyol.info"ya istinadən xəbərinə görə, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib.
Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.
Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov apasport.az saytına xəbəri təsdiqləyib.