Dünya Kubokunu qazanan taekvondoçularımız Vətənə qayıtdı

Dünya Kubokunu qazanan taekvondoçularımız Vətənə qayıtdı backend

Dünya kubokunu qazanan taekvondoçularımız Vətənə qayıdıb. APA TV-nin xəbərinə görə, taekvondoçularımızı Heydər Əliyev adına Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi və yaxınları qarşılayıblar.

Məlumat üçün bildirək ki, Meksikanın Mexiko şəhərində milli komandalar arasında Dünya kuboku uğrunda yarış keçirilib. 8-9 dekabr tarixlərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıb.

Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov: "Bu qələbə hamımıza böyük ruh verdi. Belə demək mümkünsə, biz çalışırıq ki, taekvondonun şərəfini və şöhrətini əvvəlki səviyyəyə qaytaraq".

Yığma komandamızın baş məşqçi Reza Mehmandust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Harçeganı və Radik İsayev ilk görüşünü Belçika yığma komandasına qarşı keçirib. Qarşılaşmada milli komandamız 57:31 hesabı ilə qalib gəlib.

Taekvondoçu Ayxan Tağızadə: "Dünya kubokuna yaxşı hazırlaşmışdıq. Azərbaycan komandası olaraq Meksikada ölkəmizin himnini çaldırdıq, Vətənə kubokla qayıtdıq".

Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31:11) qrup mərhələsində yerlərini möhkəmlətmiş olublar.

Qrup lideri kimi yarımfinala adlayan yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48:30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin edib. Final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız inamlı qələbə qazanaraq (42:23) Dünya Kubokuna sahib çıxıb.

Diaspora