Sabah bütün dünyanın gözü Parisə yönələcək. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtında 2016-cı ilin ən böyük yarışlarından biri sayılan Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Gələn il iyunun 10-dan iyulun 10-dək davam edəcək turnirin 24 iştirakçısı püşkatmaya qatılacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və təkcə Avropa deyil, dünyanın əksər ölkələrində yayımlanacaq mərasimdə komandalar 6 qrupa bölünəcək.Meydan sahibi Fransa ilə yanaşı, seçmə mərhələ və pley-offu uğurla adlayan 23 komanda püşk zamanı səbətlərdə yer alacaq. Təşkilatçı ölkə A qrupunun 1-cisi olduğundan, ən güclülərin səbətində 5 komanda qərarlaşacaq. Digər 3 səbətin hərəsində 6 yığma var.
Əvvəl 1-ci, sonra 4-cü, ardınca 3-cü və ən sonda 2-ci səbətin komandaları A-dan F-ə qədər olan qruplara bölünəcək. Komandaların öz qruplarındakı sıra nömrəsi əlavə püşklə bəlli olacaq. Bu nömrələr artıq məlum olan təqvimdə komandaların yerlərinin müəyyənləşməsi üçündü.
Püşkatma ulduzların iştirakı ilə də diqqət çəkəcək. Tədbirdə müxtəlif illərdə Avropa birinciliyində iz qoymuş keçmiş futbolçular iştirak edəcəklər. Püşkü hollandiyalı Ruud Qullit və fransalı Biksant Lizarazu çəkəcək. Qullit Hollandiya millisi ilə 1988-ci ildə Avropa çempionu olub və 1987-ci ilin “Qızıl top” mükafatçısıdı.
Lizarazu isə Fransanın ən titullu futbolçularından biridi və 2000-ci ildə komandası ilə birlikdə Avropanın ən güclüsü olub.
Mərasim boyunca kubokun yanında müşayiətçi kimi 1998-ci ilin dünya çempionu, fransız Anri Delon duracaq.
Püşkatma tədbirinin aparıcısının köməkçiləri də futbolçular olacaqlar. 1996-cı ilin Avropa birinciliyinin finalının həlledici qolunu vuran almaniyalı Oliver Birhoff və 2004-cü ilin eyni əhəmiyyətli qolunun sahibi yunan Angelos Haristeas aparıcıya assistentlik edəcəklər.
Həmin gecənin şərəf qonaqları arasında çexiyalı Antonin Panenka və fransalı David Trezeqe də olacaq.
24 iştirakçıdan 4-ü – Uels, Albaniya, Şimali İrlandiya və İslandiya tarixində ilk dəfə bu yarışın final mərhələsində iştirak edəcək.
Azərbaycan milli komandası seçmə mərhələdə uğursuz çıxış etdiyindən azarkeşlərimiz yenə qitənin digər yığmalarının oyunlarından zövq alacaq. Əksər futbolsevərlər Türkiyə yığmasını dəstəkləyəcək ki, “ay-ulduzlular” da ən zəiflərin yer aldığı 4-cü səbətdədi.
Türkiyə ilə yanaşı, Ukrayna, Rusiya və Albaniya millilərinə də ölkəmizdə müəyyən maraq olacaq. Sonuncular heyətində “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi üçün futbolsevərlərimizə yaxınlaşa bilib. Lakin bu komanda da sonuncu səbətdədi. İkinci səbətdə qərarlaşan digər iki yığmanın isə ölkəmizdə pərəstişkarları az deyil.
Təbii ki, ulduzları və gözəl oyunu ilə diqqət çəkən, favoritlər sırasında olan güclü yığmaları dəstəkləyənlər də püşkü səbirsizliklə gözləyir.
A qrupu: Fransa
Səbətlərin tərkibi:
1-ci səbət
İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya