Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl Nəsr” və “Əl İttihad” komandaları arasında keçirilən mərkəzi qarşılaşmada ulduz futbolçu Kriştiano Ronaldonun iştirak etməməsi tribunalarda böyük əks-səda doğurub.
Qaziler.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ər-Riyad təmsilçisinin azarkeşləri “Kral Səud Universiteti” stadionunda portuqaliyalı forvarda olan sadiqliklərini nümayiş etdirərək tribunaları 7 dəqiqə ərzində Ronaldonun ikonik “7” nömrəsi yazılmış nəhəng pankartlarla bürüyüblər.
Xatırladaq ki, azarkeşlərin bu addımı Ronaldonun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) siyasətinə qarşı başlatdığı boykota açıq dəstək xarakteri daşıyır. Belə ki, ulduz futbolçu “Əl Nəsr”in büdcəsinin ixtisar edilməsi və rəqib “Əl-Hilal”ın daha çox imtiyazlara sahib olması ilə razılaşmır. Xüsusilə yaxın dostları və komanda yoldaşları olan idman direktoru Simao Koutinyo və CEO Xose Semedonun işdən çıxarılması portuqaliyalı vingeri kəskin qərarlar almağa vadar edib.



