Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Axar.az-a qurumdan verilən xəbərə görə, bəzi qayda pozuntuları ilə bağlı qərarlar verilib. “Xəzər Lənkəran” – “Kəpəz” matçında cənub klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub.
AZAL - “Zirə” matçının 60-cı dəqiqəsində “təyyarəçi”lərin futbolçusu Emin Cəfərquliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.“Rəvan” - “Bakı” matçı başa çatdıqdan sonra paytaxt klubunun rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
“Qəbələ” - “Mil-Muğan” matçının 68-ci dəqiqəsində birincilərin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” ilə matçda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.
“Sumqayıt” - “Kəpəz” matçında iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki komanda 1000 manat cərimə ilə cəzalandırılıb.
Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat əlavə cərimə olunub.