Azərbaycanda 2026-cı ildə karate üzrə Avropa çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov deyib.
O, 2027-ci ildə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının da Azərbaycanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb:
"Avropa Karlar İdman Təşkilatının tədbirləri çərçivəsində 2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılıb. Bu, ölkədə deflimpiya hərəkatının inkişafı baxımından tarixi hadisədir. 2027-ci ildə isə Avropa Deflimpiya Komitəsinin Baş Assambleyasının Azərbaycanda keçirilməsi nəzərdə tutulub".
Qurum rəsmisi ölkədə müxtəlif sosial layihələrin keçirildiyini də bildirib:
"Komitə ölkə daxilində müxtəlif sosial layihələr həyata keçirir. Məqsədimiz eşitmə məhdudiyyətli uşaqlar, yeniyetmə və gənclər arasında idmana marağı artırmaq, onların fiziki və psixoloji inkişafını dəstəkləməkdir. Bunun üçün ölkədə məktəblər fəaliyyət göstərir, müxtəlif bölgələrdə yeni idman proqramları hazırlanır".
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
