“Qızıl top”un mətbuat xidməti ötən mövsüm üçün bu mükafata verilən səsvermənin nəticələrini dərc edib.
Qaziler.az xəbər verir ki, nəticələr “Qızıl top”un “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc edilib.
Mükafatı 1380 xal toplayan PSJ futbol klubunun fransız oyunçusu Usman Dembele qazanıb. “Barselona”nın cinah oyunçusu Lamin Yamal 1059 xalla ikinci olub. İlk üçlüyü 703 xalla PSJ-nin yarımmüdafiəçisi Vitinya tamamlayıb.
Dembele “Qızıl top” mükafatına ilk dəfə layiq görülüb.
Fransa klubunun tərkibində oynayan Dembele son illər beş kubok qazanıb: Fransa çempionatı, Fransa Kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Super Kuboku, həmçinin FIFA Klublararası Dünya Çempionatının finalına yüksəlib. Millətlər Liqasında Dembelenin yer aldığı Fransa millisi üçüncü yer uğrunda görüşdə Almaniyanı məğlub edərək bürünc medal qazanıb.
“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, ən nüfuzlu fərdi futbol mükafatı hesab olunur. İlk “Qızıl top” mərasimi 1956-cı ildə keçirilib.
QAZİLER.AZ
