Portuqaliyalı mütəxəssis Fernandu Santuş Azərbaycan millisində baş məşqçi kimi qələbə qazana bilməyib.
"Report"un məlumatına görə, yığma 70 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 11 görüşün 9-da məğlub olub, 2-də isə heç-heçə edib. 4 qol vuran milli qapısında 29 top görüb.
Bu gün istefaya göndərilən Santuş 2024-cü il iyunun 12-də bu posta təyin olunmuşdu.
Komanda ilk olaraq UEFA Millətlər Liqasının C Liqasında uğursuz çıxış edərək D Liqasına düşüb. Yığma hər iki qarşılaşmada İsveçə (1:3, 0:6) və Slovakiyaya (0:2, 1:3) uduzub. Tallində Estoniyaya yenilən (1:3) yığma Qəbələdə bu kollektivlə qolsuz bərabərə qalıb.
2025-ci ildə də milli Santuşun rəhbərliyi altında uğursuz nəticələri sıralayıb. Martda beynəlxalq yoldaşlıq matçında Haiti (0:3) və Belarusa (0:2) məğlub olan yığma iyunda Latviya ilə heç-heçəyə (0:0) razılaşıb, Macarıstana isə uduzub - 1:2.
Azərbaycan millisi son olaraq sentyabrın 5-də, DÇ-2026-nın seçmə mərhələsindəki ilk görüşündə səfərdə İslandiyaya məğlub olub - 0:5.
Qeyd edək ki, yığma sentyabrın 9-da Bakıda Ukraynanı qəbul edəcək. Komandanı oyuna baş məşqçi kimi Ayxan Abbasov çıxaracaq.