Ağırlıqqaldıranımız dünya çempionu oldu

Ağırlıqqaldıranımız dünya çempionu oldu backend

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, Valentin Xristovun (62 kq) ardınca Boyanka Kostova da fəxri kürsüyə yüksəlib. 58 kq çəki dərəcəsində çıxış edən milliləşdirilmiş legionerimiz dünya çempionu tituluna yiyələnib.

Belə ki, birdən hərəkətində ilk cəhdini boşa verən Boyanka ikinci yanaşmasında 109 kq çəkini ram etməklə, özünə məxsus Avropa rekordunu təkrarlayıb. Kostova ardınca 112 kq-ı da başı üzərinə qaldırıb. O, üçüncü cəhdində bu çəkinin öhdəsindən gəlməklə, yeni dünya rekordu da vurub. Bunadək rekord çinli Çen Yanqinqə məxsus idi və Boyanka asiyalı rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb. Təmsilçimiz 112 kq-ı ram etməklə, Avropa rekordunu da adına yazdırıb.

Təkanla qaldırma hərəkətinə də Kostova uğurla başlayıb. Öncə 136 kq-ı başı üzərinə qaldıran ağırlıqqaldıranımız bununla növbəti rekordu yeniləyib. Çünki toplamda 248 kq onun özünə məxsus Avropa rekordunun təkrarı olub. Boyanka ardınca 140 kq çəkinin altına girib. Lakin ikinci yanaşmasını boşa verən idmançımız üçüncü cəhdində bunu inamla başa vurub. Bu isə toplamda yeni rekordla nəticələnib. Kostova 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə 1 kq təzələyib. Həmçinin, bu yanaşma həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsi ilə yadda qalıb.

Beləliklə, toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə Kostova Azərbaycan ağırlıqqaldırma tarixində yeni səhifə açıb. O, qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanıb. Boyanka bununla yanaşı, 6 - 2 dünya və 4 Avropa rekordunu da adına yazıb.

Bunadək isə Xristov komandamıza bürünc medal qazandırmışdı.

Bu idmançılarımızdan fərqli, Firidun Quliyev (69 kq) mükafatçılar sırasına düşə bilməyib. Həmyerlimiz birdən qaldırmada ilk 2 cəhdini boşa verdikdən sonra 3-cü yanaşmasında 143 kq çəkinin öhdəsindən gəlib. Təkanla qaldırmada isə Quliyev öncə 185 kq çəkini ram edib. Ardınca 188 kq sifariş verən atletimiz bunu qaldırmağı 3-cü yanaşmasında bacarıb. Bu nəticə kiçik gümüşlə də mükafatlandırılıb.

Firidun toplamda 331 kq (143 kq + 188 kq) nəticə ilə 6-cı yeri tutub.

Noyabrın 28-dək davam edəcək yarışda daha 7 idmançımız podiuma çıxacaq.

Qeyd edək ki, ağır atletika tariximizdə indiyədək 1 dünya çempionumuz var. Bu da hazırda millinin məşqçilər korpusunda yer alan Nizami Paşayevdi. O, 2002-ci və 2005-ci illərdə mundialda bütün rəqiblərini qabaqlamışdı.
Diaspora