"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının (APL) XXVI turunda evdə "Araz-Naxçıvan"la keçirilən oyundaki insidentlə bağlı verdiyi qərarlar haqda açıqlama verib.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu haqda səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri APL-nin XXVII tur matçından sonra keçirilən mətbuat konfransında danışıb.
Qurban Qurbanov İntizam Komitəsinin Musa Qurbanlı və Elvin Cəfərquliyevə verdiyi cəzadan narazı olduğunu dilə gətirib: "Qərarlara qarşı çıxmaq istəmirəm, amma bu qərarlar niyə verildi? Futbolçunun topu aqressiv şəkildə aldığı təqdirdə, yaxud oyunçular baş-başa durduğu zaman qırmızı vərəqə ilə cəzalanmalı olduğu haqda nizamnamədə nə isə yazılıb? Həmin epizoddan 5-7 dəqiqə öncə rəqib də oxşar hərəkəti etdi amma bizim futbolçular yerlərində dayandı. Daha sonra Yassin Benziya topu alanda həmin hərəkəti etdi. Belə şeylər azarkeşləri daha da çılğınlaşdırır. "Barselona" - "Real Madrid", yaxud "Qalatasaray" - "Fənərbağça" derbilərində belə epizodlarda qırmızı verilmir. Musa oğlum olmasa idi, daha çox danışardım. Qırmızı vərəqə niyə verilməlidir ki?!"
Baş məşqçi "Qarabağ"a güzəşt olunduğu haqda yayılan xəbərlərə sərt etiraz edib: "Oyuna iki gün qalmış qərar verildi, bunu səbəb etmirəm. Sadəcə olaraq sualıma cavab axtarıram. İki oyunçumuzu vurub yıxırlar, bizimkilər isə birini. Oyundan sonra "Qarabağ"a qırmızı vərəqə verilmir deyə yazılar yayıldı. "Qarabağ"a nə olub ki? İki il əvvəl Kevin Medina qırmızı alanda mənim özüm də ona irad bildirmişdim. "Qarabağ"a güzəşt olunur kimi fikir formalaşır. Bəs "Araz-Naxçıvan"a niyə qırmızı verilmədi? Əgər zədə yoxdursa, rəqibin də oyunçularına qırmızı vərəqə verilməsinə qarşıyam. 1 həftə ərzində sosial şəbəkələrdə, telekanallarda ancaq "Qarabağ"a qırmızı vərəqə verilmədiyi haqda danışıldı. Hamının fikrinə hörmətlə yanaşıram, amma elə fikir formalaşdı ki, elə bil "Araz-Naxçıvan"ın futbolçularını döymüşük".
Q.Qurbanov qarşılaşmada ədaləti qoruyan hakimlərin doğru qərarlar verdiyini bildirib: "VAR-da UEFA dərəcəli Əliyar Ağayev heçnəyi görmürdü? Çox gözəl də görürdü! Baş hakim də FIFA referisi Kamal Umudlu idi. O da oyunu çox düzgün idarə etdi. Hamıya yerindəcə sarı vərəqə verdi. Əgər qərar verilirsə, o zaman hakimləri də cəzalandırsınlar. Ağayevə də, Umudluya 3-5 oyunluq cəza verilsin".
O, daha sonra futbolçularına qarşı sərt oynanıldığını deyib: "Onlara icazə verin sizi vurub yıxsınlar deyim? Elə oyunlar olub ki, futbolçununu ikinci hissədə meydana daxil etmişəm, sonradan onu çıxarmışam. Çünki onu vuraraq zədələyirlər. Hakimə etiraz etmişəm? 10 dəfə ayağına vururlar, 11-cidə sarı vərəqə göstərirlər. Bu haqda danışmışam? Qırmızı vərəqə verirsən ver, amma bunu 5 gün sonra verirsən. Qərarlara hörmətlə yanaşıram, amma belə qırmızı görməmişəm. "Atletiko Madrid"ə baxın. Onda gərək hər oyun Dieqo Simeoneyə də, komandasına da 6-7 qırmızı vərəqə versinlər."