Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri iki həftə əvvəl səfərdə aldığı (0:1) məğlubiyyətin əvəzini çıxa bilməyiblər.
Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da, son anda qeyri-dəqiqlik buna əngəl olub.Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa nail olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.