UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti oyunları keçirilib. Trend-in məlumatına görə, günün maraqla gözlənilən qarşılaşması – “Bavariya” - “Arsenal” oyunu almanların şousu ilə yadda qalıb. Londondakı oyunda 2:0 hesabı ilə qələbə qazanan ingilislər bu dəfə çarəsiz olublar.
10-cu dəqiqədə Levandovski Petr Çexi məyus edib. 29-cu dəqiqədə Müllerin zərbəsi dəqiq olub. Birinci hissədə son nöqtəni Alaba qoyub – 3:0.İkinci hissəyə də almanlar fəal başlayıblar. Robben 55-ci dəqiqədə fərqi 4 topa çatdırıb. 69-cu dəqiqədə Jiru fərdi ustalığı sayəsində toplardan birinin əvəzini çıxıb. Son dəqiqələrdə isə Müllerin dublu ilə yekun nəticə məlum olub – 5:1.
Daha bir “qol yağışı” Romada qeydə alınıb. Burada eyniadlı klub ilk oyunda 4:4 hesablı bərabərə qaldığı “Bayer”i qəbul edib. İlk hissədə italyanlar iki dəfə fərqləniblər. Lakin ikinci hissənin əvvəlində almanlar ardıcıl iki qolla hesaba tarazlıq gətiriblər.
79-cu dəqiqədə Pyaniç almanların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib – 3:2.
Son günlər uğursuz oyunların ilə yadda qalan “Çelsi” isə doğma meydanda Kiyev “Dinamo”sunu çətinliklə məğlub edə bilib – 2:1.
Digər oyunların nəticələri:
E qrupu
"Barselona" (İspaniya) - BATE (Belarus) - 3:0
"Roma" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2
F qrupu
"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) - 5:1
"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
G qrupu
"Makkabi" (Təl-Əviv, İsrail) - "Portu" (Portuqaliya) - 1:3
"Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1
H qrupu
"Gent" (Belçika) - "Valensiya" (İspaniya) - 1:0
"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 0:2