Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası oktyabrın 29-da Çempionlar Liqasında ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, “E” qrupunda mübarizə aparan təmsilçimiz “Sərhədçi” İdman Olimpiya Mərkəzində Polşanın “İmpel” komandasını qəbul edib.
Ukraynalı hakim Viktor Kozlovskinin idarə etdiyi görüşün ilk hissəsi “İmpel” komandasının 25:17 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə Polşa təmsilçisi asan qələbə qazanıb – 25:12. Üçüncü setdə “Telekom” rəqibə əzmlə rəqabət göstərsə də, sonda qalib tərəf Polşa təmsilçisi olub – 26:24.
Beləliklə, görüş “İmpel” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyunu Almaniyada yerli “Drezdner” və Türkiyənin “Fənərbaxça” komandaları arasında keçirilib. Görüşdə Türkiyə təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.