Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə qızlar arasında voleybol üzrə "Heydər Əliyev kuboku" uğrunda muxtar respublika turnirində keçirilən final matçı, bağlanış və mükafatlandırma mərasimləri ilə komandaların mübarizəsinə yekun vurulub.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, muxtar respublikanın 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirin rəsmi bağlanış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Mərasimin bədii hissəsində Ümummilli Liderə və Azərbaycana ithaf olunmuş ifalar dinlənilib, rəqqasların çıxışı izlənilib.
Mərasimin ardınca “Naxçıvan” və “Sədərək” komandaları arasında həlledici görüş – final matçı keçirilib. Gərgin və maraqlı mübarizəyə səhnə olan qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesabı ilə turnirin qalibi olublar. “Sədərək” komandası birinci yerin sahibi kimi yarışın əsas mükafatı olan “Heydər Əliyev Kuboku”na layiq görülüb. "Naxçıvan" ikinci, “Kəngərli” isə üçüncü olub.
Mükafatlandırma mərasimində birinciliyin rəmzi komandasına daxil edilən voleybolçulara fərdi mükafatlar verilib, ilk üç yerin sahibi olan heyətlərə diplom, medallar və kuboklar təqdim edilib.