Ermənistan millisinin və "Borrusiya Dortmund"un hücumçusu Qenrix Mxitaryan Avro Liga-nın qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.
APA TV-nin verdiyi məlumata görə, bunu Almaniya klubunun icraçı direktoru Hans-Yohim Vatske açıqlayıb."Mxitaryan komanda ilə olmayacaq. Düzdür, bu bizim üçün heç də yaxşı olmayacaq, amma o, Azərbaycan və Ermənistan arasında davam edən konfliktə görə Bakıya getməyə qorxur" deyə, o əlavə edib.
Xatırladaq ki, həmin görüş cümə axşamı baş tutacaq. Bundan əvvəl də erməni futbolçunun Bakıya gəlməyəcəyi ilə bağlı xəbərlər yayılıb. Buna səbəb Qenrix Mxitaryanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə səfər etməsidir.
Bununla yanaşı, Mxitaryanın Bakıya gələcəyi təqdirdə həbs olunacağı barədə xəbərlər də var. O, Azərbaycanın dövlət sərhədini pozduğuna görə ölkənin Cinayət Məcəlləsinin müvafiq 318.2-ci maddəsi ilə ittiham oluna bilər.
Azərbaycanın XİN-nin mətbuat katibi Hikmət Hacıyev də məsələyə münasibət bildirib. Qeyd olunur ki, futbolçunun Bakıya gəlməsi ilə bağlı heç bir problem yoxdur. "İdmanı siyasətlə qarışdırmaq olmaz", - deyə o əlavə edib.