Azərbaycan Güləş Federasiyası aprelin 5-7-də Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Turan Bayramova (74 kiloqram) uduzan italiyalı Frank Çamisunun ittihamlarına cavab verib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, qurum məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, həmin görüşdə uduzan Çamiso məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb:
“O, heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.
Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olması ilə əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməli idi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamisonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik.
Vurğulanıb ki, Bakıda ilk dəfə keçirilən yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirilib:
“Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib”.
Federasiyanın bəyanatında Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri və azarkeşlərin də böyük maraq göstərdiyi vurğulanıb:
“Yerli jurnalistlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir”.
Qeyd olunub ki, Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı "Paris-2024"ə lisenziya qazanıb:
“Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşüb. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kiloqramda Olimpiya Oyunlarına vəsiqə əldə edilib. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə edib”.