UEFA-nın yeni prezidentinin adına aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı Anxel Mariya Vilyar bu posta təyin olunub.
Hazırkı prezident Mişel Platiniyə 90 günlük diskvalifikasiya cəzası verildiyindən, ali futbol qurumunun İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. İclasdan sonra mətbuata açıqlama verən UEFA-nın baş katibi Canni İnfantino vitse-prezident Vilyarın müvəqqəti prezident seçildiyini söyləyib. Çünki reqlamentə görə, qurumda prezident olmadıqda onun səlahiyyətlərini vitse-prezident yerinə yetirməlidi.
Anxel Mariya Vilyar hazırda həm də İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində UEFA-nın üzvü olan 54 milli assosiasiya rəhbərlərinin iştirak etdiyi toplantıda AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da iştirak edib.