Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib və rəqib komandanın baş məşqçisi Xabi Alonso ilə görüşüb.
Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Qurban Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb.
Qurbanov ispaniyalı çalışdırıcıya “Azərxalça” tərəfindən xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.