Martın 2-də Tbilisidə Azərbaycanın və Gürcüstanın qadın şahmatçılardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.
QAZILER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, qadınlar arasında 8 dəfə dünya çempionu olmuş şahmat dünyasının əfsanəsi gürcüstanlı Nona Qaprindaşvili idmançıları salamlayıb, onlara uğurlar arzulayıblar.
Yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət Azərbaycan komandası 4-cü turda heç-heçə oynayıb.
Bu turda üç partiya bərabərliklə başa çatıb. Yığmada Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5-2,5 hesabı ilə başa çatıb.
Növbəti 5-ci turda yığma komandanın üç şahmatçısı ağ fiqurlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, dostluq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqində hesablanır.