Salyanda Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin sərbəst və yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ümumilikdə 255 idmançı mübarizə aparıb.Zona birinciliyi Salyandakı Olimpiya İdman Kompleksində keçirilib. Kompleksdə əvvəlcə yarışın açılış mərasimi olub. Sonra isə təcrübəli hakimlərin iştirakı ilə Azərbaycan Güləş Federasiyasının 4 saylı nümayəndəliyinin sərbəst və yunan-Roma güləşi üzrə zona birinciliyinə start verilib.
Zona yarışının ilk günündə sərbəst güləş üzrə Cənub-Aran bölgəsi də daxil olmaqla, 12 rayondan 1999-2000-ci il təvəllüdlü 135 idmançı mübarizəyə qatılıb. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışda idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar.
Növbəti gün isə yunan-Roma güləşi üzrə yarış başlayıb. Bu yarışda 12 rayondan 120 idmançı iştirak edib.
Qeyd edək ki, zona yarışı seçim xarakteri daşıyıb. İlk 3 yeri tutan idmançılar oktyabrın 26-28-də Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə keçiriləcək açıq respublika turnirində iştirak etmək hüququ qazanıblar.