Azərbaycan yığması Hərbiçiləri VI Dünya Oyunlarında hesabına daha bir medal yazdırıb. Apasport.az saytının məlumatına görə, millimizin uğuruna taekvondoçumuz Ayxan Tağızadə imza atıb.
68 kq çəki dərəcəsində gücünü yoxlayan Avropa Oyunlarının qalibi komandamızın aktivinə gümüş medal əlavə edib. Belə ki, 1/8 finaldan mübarizəyə qoşulan Tağızadə öncə Harkourt Lordeni (Kanada) 14:6, ardınca Edqar Kontrerası (Venesuela) 9:2 hesabı ilə məğlub edib. Yarımfinalda da həmyerlimiz inamlı döyüşüb və italiyalı Kladio Treviso üzərində inamlı qələbə qazanıb – 7:5.Lakin həlledici qarşılaşma Ayxan üçün istədiyi kimi alınmayıb. O, 5:9 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Bu taekvondo millimizin yarışda qazandığı ikinci medal olub. Ondan öncə Radik İsayev (+87 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, yarışa oktyabrın 11-də yekun vurulacaq.