Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti Mişel Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb.
Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib.
Hələ dünən korrupsiyada günahlandırılan, FİFA İcraiyyə Komitəsinin üzvü olan Platininin 90 günlük müddətinə vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı. Xəbər özünü doğruldub və bu gün Platiniyə kəsilən cəza rəsmi şəkildə açıqlanıb.
Platininin UEFA-nın saytında yer alan açıqlamasında isə bildirilir ki, yayılan informasiya onun reputasiyasını ləkələmək üçün atılmış addımdı: “İnformasiyanın mənbəyi kimi FİFA göstərilir. Buna görə də, məsələ daha da ciddiləşir. Halbuki Etika Komitəsi qərarını hələ rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, məlumatı sızdırıblar. İnformasiyanın sızdırılması mənim imicimi ləkələmək üçün atılmış təhlükəli və qəbulolunmaz addımdı. Əgər yayılan xəbərlər düzdüsə, əsl həqiqəti aşkara çıxarmaq üçün məni heç nə dayandıra bilməz. Eyni zamanda, FİFA-nın Etika Komitəsinin bu araşdırmanı hansı səbəbdən apardığı açıqlanmalıdı”.
FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bundan əlavə, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib.
Qeyd edək ki, FİFA prezidenti Jozef Blatter də 90 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanılıb