2024-cü ilin aprelində Azərbaycan çövkən liqası keçiriləcək.
Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin tarixdə ölkə çempionatının təşkili planlaşdırılır: “Digər idman növlərində olduğu kimi, burada da yerli klublar liqada bir-birilərinə qarşı oynayacaqlar”.
Baş katib 2024-cü ildə beynəlxalq turnirin təşkilinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Həmin turnirdə hazırkı klubların oyunçularından istifadə edərək, millinin tərkibini müəyyənləşdirəcəyik”.
Bəhruz Nəbiyev bu gün startı verilən çövkən üzrə sayca 10-cu Prezident Kubokunda isə 8 komandanın iki qrupda mübarizə apardığını sözlərinə əlavə edib: “Bu gün, dekabrın 17-də və 19-da qrup matçları keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Dekabrın 21-də yarımfinal oyunları olacaq. Ayın 23-də üçüncülük uğrunda görüş, ertəsi gün isə final qarşılaşması keçiriləcək”.