"Qarabağ" UEFA Avropa Liqasının Pley-off mərhələsinə yüksəlib

"Qarabağ" UEFA Avropa Liqasının Pley-off mərhələsinə yüksəlib backend

"Qarabağ" futbol klubu tarixində ilk dəfə UEFA Avropa Liqasının Pley-off mərhələsinə yüksəlib.

Apa xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı altıncı matçında Bakıda İsveçin “Hekken” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma “köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesab erkən qolla açılıb. Azərbaycan çempionunun heyətində Leandro Andrade birinci dəqiqədə komandasını önə keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə isə Yassin Benzia baxımlı zərbə ilə ikinci topu qonaqların qapısından keçirib.

İkinci hissədə “Qarabağ” meydanda azlıqda qalıb. Sağ cinah müdafiəçisi Marko Veşoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 90+4-cü dəqiqədə Bədavi Hüseynov topu başla öz qapısına göndərərək fərqin azalmasına səbəb olub. Ancaq qələbə hesabını qoruyan ağdamlılar Azərbaycan futbolunda yeni tarix yazıb. Xallarını 10-a çatdıran komanda ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

H qrupunun digər oyununda “Bayer” Almaniyada Norveç “Molde”sini darmadağın edib - 5:1.

Qeyd edək ki, pley-off mərhələsində "Qarabağ" Çempionlar Liqasında öz qrupunu üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisinin potensial rəqibləri aşağıdakılardır:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

"Qarabağ"ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Diaspora