Mixail Malkinin dünya çempionatındakı uğuru məni ruhlandırdı - gənc azərbaycanlı gimnast

Mixail Malkinin dünya çempionatındakı uğuru məni ruhlandırdı - gənc azərbaycanlı gimnast backend

Mixail Malkinin dünya çempionatındakı uğuru məni ruhlandırdı və həvəsləndirdi.

QAZİLER.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə tamblinq üzrə Azərbaycan milli komandasının üzvü, gənc gimnast Aleksey Karataşov deyib.

"Fərdi yarışda Mixail Malkin dünya çempionatında qızıl, Azərbaycan tamblinq üzrə komanda yarışında da birinci yeri tutub. Bu, məni ruhlandıran və gələcəkdə mən də eyni uğura nail olacağıma ümid verən gözəl nəticədir", - deyə gənc gimnast bildirib.

Aleksey Karataşov qeyd edib ki, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı çempionatındakı çıxışı onu tam qane etmir:

"Belimdən zədə aldığım üçün üç həftə məşq etmədim, ona görə də yarışa tam hazırlaşa bilmədim. Amma builki çıxışlarıma qiymət versək, hər şey yaxşı alındı. Polşada keçirilən beynəlxalq turnirdə birinci yeri tutdum, sonra Portuqaliyada keçirilən beynəlxalq yarışlarda komanda yarışında ikinci, Birminqemdə (Böyük Britaniya) Dünya Yaş Qrupları yarışında isə bürünc medal qazandım. İl yaxşı keçdi, əldə olunan nəticələrlə fəxr edirəm", - deyə A.Kartaşov qeyd edib.

İdmançının sözlərinə görə, gələn yaz Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, dekabrın 10-da Milli Gimnastika Arenasının yardımçı zalında batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatının və Bakı birinciliyinin, tamblinq üzrə 19-cu Azərbaycan çempionatının və Bakı çempionatının yarışları keçirilir. Yarışda ümumilikdə 99 idmançı iştirak edir. Onlardan 70 gimnast batut gimnastikasında, 29 gimnast isə tamblinq yarışlarında iştirak edir.

 

 

 

Diaspora